Qazaxıstanda  hər şey öncədən planlaşdırılmışdı - Politoloq

16:54 13.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanda baş verən son faciəli hadisələr beynəlxalq hüquq və beynəlxalq münasibətlər baxımından heç bir çərçivəyə sığmır. Beynəlxalq təşkilatların müsəlman ölkələrində mütəmadi şəkildə baş verən faciəli hadisələrə laqeyd münasibəti, onların müəyyən qrupların və qərb ölkələrinin maraqlarına xidmət etdiyini göstərir. 

Bu fikirləri hafta.az-a politoloq Rauf Məmmədov deyib.

Onun sözlərinə görə, Qazaxıstanda baş verən hadisələrin səbəbini hərə öz xeyrinə şərh etməyə çalışır:

“Azərbaycan müxalifətinin bir çox nümayəndələri hadisələrin kökündə qazın bahalaşmasının və antidemokratik rejimin dayandığını qabartmağa çalışırlar. Keçi can hayında, qəssab piy axtarır. Əgər elədirsə, o zaman ABŞ-da qaradərililərin, Fransada sarı jiletlilərin etirazların niyə antidemokratiya kimi səciyyələndirmirlər? Avropada eynicinsli nikahlara, cinsi kimliksiz təhsilə, sərt kovid məhdudiyyətlərinə etiraz edənləri nəyə görə terrorist kimi əzişdirib həbs edirlər?

Məsələyə daha konkret şəkildə yanaşsaq deyə bilərik ki, Qazaxıstanda qazın bahalaşması baş verən hadisələrə heç bir əsas vermirdi. Əhalinin meydanlara axışması da təşkil olundu. Əhali meydanlara axışanda polis dəstələri bu izdihamın qarşısını almaq əvəzinə, ona “yaşıl işıq” yandırdı. Sonra bu izdihamın içində əli silahlı kriminal elementlər peyda oldular. Onlar izdihamı öz arxasınca aparmağa və dövlət binalarını yandırmağa, silah dükanlarını qarət etməyə, Qazaxıstanın təhlükəsizlik orqanının binasına daxil olub silahları ələ keçirməyə, polislərə qarşı zorakılıq etməyə nail oldular. 200 mindən çox olan polis, 110 min ordu və təhlükəsizlik işçiləri, yəni güc strukturları təxribatçı qiyamçılara yaşıl işıq yandırdılar, onların silahlanmasına və qarətçilik etməsinə maneə olmadılar. Burada 20 yanvar öncəsi Bakı və Sumqayıt hadisələri ilə paralellər görürsünüzmü?

 Bütün bu hadisələrin baş verdiyi ərəfədə N. Nazarbayev yoxa çıxdı və onun təyin etdiyi yüksək vəzifəli kadrlar dərhal vəzifədən uzaqlaşdırılaraq həbs edildi. Nəticədə, Qazaxıstan bir dövlət kimi öz süverenliyini itirdi və tamamilə, Rusiyanın müstəmləkəsi halına gəldi. Bütün bunlardan sonra K.J. Tokayev KTMT ordusuna, V. Putinə öz təşəkkürünü bildirdi.

Bu hadisələrin təhlili göstərir ki, hər şey öncədən planlaşdırılmışdı. K.J. Tokayev bu planın tərkib hissəsi idi. Növbəti addım, Qazaxıstanın Rusiya-Belorus ittifaqına daxil olmasıdır. Yəni, Rusiya-Belorus-Qazaxıstan ittifaqı SSRİ-nin bərpa olunmasına şərait yaradacaqdır. Çünki müsəlman-türk dövlətinin bu ittifaqa daxil olması, digər müsəlman-türk dövlətlərinin də ittifaqa cəlb olunmasını asanlaşdıracaqdır. Digər tərəfdən, Qazaxıstanın bu ittifaqda olması Türk Dövlətləri Təşkilatının (TDT) parçalanmasına və ortadan qalxmasına səbəb olacaqdır. Çünki bu təşkilatın bir çox göstəricilərinə görə Türkiyədən sonra ən güclü dövləti Qazaxıstan idi.

Nazarbayev sadə qazax xalqının içindən çıxan, qazax-türk milli şüurunun inkişaf etməsini təmin edən və ruslaşdırma siyasətindən maksimum şəkildə imtina edən milli lider idi. O, Kunayevin varisi kimi, qazax xalqının qorunması və inkişafına məsuliyyət daşıyırdı.  Nazarbayev TDT-nın, Türksoyun yaradılıb inkişaf etməsində mühüm rol oynamışdır. O, 2018-ci ildə Parlamentdə rus dilinin istifadəsini qadağan etmişdi. Qazaxıstan türk xalqlarının tarixi, mədəniyyəti və etnogenezi ilə bağlı araşdırmaların mərkəzinə çevrilibdir. Bunlar, qazax xalqının özünüdərkinə yönəlmişdi. Nazarbayev 2050-ci ilə qədər ölkənin strateji inkişafını təmin edən “Nurlu Yol” iqtisadi layihəsini həyata keçirməklə qazax xalqının milli dövlətini qurmağa və onu dünyanın ən güclü müasir ölkələri sırasına çıxarmağı planlaşdırırdı. Bunların əsası var. Çünki Qazaxıstanın enerji resursları, təbii ehtiyatları, uran yataqları (dünya uran istehsalının yarısını təmin edir), taxılçılıq, heyvandarlıq və digər sahələr üzrə zəngin potensialı var. Buna görə də, o, Çin, ABŞ, Böyük Britaniya kimi böyük ölkələrin iqtisadi maraqlarını cəlb edirdi. Bölgədə 120-dən çox ölkənin 330 milyard dollar həcmində sərmayə qoyuluşu var. Ölkənin ÜDM-si 180 milyarda yaxın, adambaşına düşən ÜDM həcmi 9.7 min dollara yaxındır”.

Siyasət rubrikasından digər xəbərlər